Sənayenin inkişafı haqqında
08.08.2023 15:27
2023-cü ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 16,7 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2023-cü il vəziyyətinə 425,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.