Sənayenin inkişafı haqqında
04.11.2024 10:24
2024-cü ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,4 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2024-cü il vəziyyətinə 494,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,5 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.