Sənayenin inkişafı haqqında
25.08.2025 16:49
2025-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,0 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2025-ci il vəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.