Pullu xidmətlər haqqında
24.05.2012 00:00
2012-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 3,5 faiz artaraq 1036,1 milyon manat olmuşdur. Xidmətlərin 66,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 687,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 20,3 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 81,2 faizini təşkil edərək 348,4 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 10,4 faiz artaraq 105,8 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 48,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 6,8 faiz artaraq 51,7 milyon manat olmuşdur.