İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
22.09.2010 00:00
2010-cu ilin yanvar-avqust aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 4525,8 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 16,1 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,1 faizi hüquqi şəxslər, 81,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 821,1 milyon manatlığını hüquqi şəxslərdən, 3704,7 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 11,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 17,1 faiz artmışdır.
Əhaliyə satılmış malların 2824,1 milyon manatını ərzaq, 1701,7 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 62,4 və 37,6 faiz təşkil etmişdir.
2010-cu ilin yanvar-avqust aylarında əhaliyə 1809,9 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 13,0 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 58,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1066,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 6,5 faiz çox xidmətlər göstərilmişdir.
Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 24,0 faiz artaraq 743,5 milyon manata çatmışdır.