Tikintinin əsas göstəriciləri
22.08.2013 00:00
2013-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yol, yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-iyul aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3592,3 milyon manat vəsait yönəldilmiş, onun 40,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 89,3 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1215,4 milyon manat (33,8 faiz), qeyri-dövlət müəssisələri isə 2376,9 milyon manat (66,2 faiz) vəsait sərf etmişlər.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 14,7 faiz üstələyərək 3317,2 milyon manat təşkil etmiş, ondan 69,3 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,1 faizi əsaslı təmir, 1,4 faizi cari təmir, 15,2 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.