Tikintinin əsas göstəriciləri
24.09.2013 00:00
2013-cü ilin yanvar-avqust aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Hava Limanında Anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-avqust aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4253,7 milyon manat vəsait yönəldilmiş, onun 41,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 31,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 95,4 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1490,9 milyon manat (35,0 faiz), qeyri-dövlət müəssisələri isə 2762,8 milyon manat (65,0 faiz) vəsait sərf etmişlər.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 13,1 faiz üstələyərək 3916,7 milyon manat təşkil etmiş, ondan 69,9 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,2 faizi əsaslı təmir, 1,5 faizi cari təmir, 14,4 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.