Tikintinin əsas göstəriciləri
26.11.2013 00:00
2013-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Gəmiqayırma və Çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5517,1 milyon manat vəsait yönəldilmiş, onun 43,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 29,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 83,4 faiz artmışdır.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 8,9 faiz üstələyərək 5050,0 milyon manat təşkil etmiş, ondan 68,8 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,3 faizi əsaslı təmir, 1,5 faizi cari təmir, 15,4 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.