Tikintinin əsas göstəriciləri
03.07.2014 00:00
2014-cü ilin yanvar-may aylarında Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilmişdir.
2014-cü ilin yanvar-may aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3173,1 milyon manat vəsait yönəldilmiş, onun 61,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 32,6 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 2,2 dəfə artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1026,7 milyon manat, qeyri-dövlət müəssisələri isə 2146,4 milyon manat vəsait sərf etmişlər. Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 55,7 faiz və ya 1767,0 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 44,3 faiz və ya 1406,1 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-may aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2347,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artmışdır.
Podratçı təşkilatların gördükləri işlər - yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 1560,4 milyon manat (müvafiq olaraq 0,3 faiz), əsaslı təmir 318,3 milyon manat (3,9 faiz), cari təmir 93,3 milyon manat (2,9 dəfə), sair işlər 375,3 milyon manat (8,0 faiz) artmışdır.