Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarəsinin hüquqları
Rayon (şəhər) statistika idarəsi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
1. statistika ilə bağlı normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi, statistikanın mövcud vəziyyəti və inkişafı ilə bağlı Dövlət Statistika Komitəsinə təkliflər vermək;
2. tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından) və fiziki şəxslərdən, o cümlədən rayonun (şəhərin) ərazisində qeydiyyatdan keçən və rayonun (şəhərin) ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərdən, filiallarından qanunvericilik aktlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə haqqı ödənilmədən dolğun və etibarlı statistik məlumatlar almaq;
3. hazırlanmış statistik materialların (külliyyatların) və yerli statistika orqanları üçün statistik işlər haqqında illik proqramda işlənməsi nəzərdə tutulmayan digər göstəricilər üzrə məlumatların, icra, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, digər istifadəçilərə müəyyən olunmuş qaydada və haqqı dövlət büdcəsinə ödənilməklə satışını təşkil etmək;
4. məlumatların təhrif edilməsi halları aşkar edildiyi zaman hesabatlarda düzəlişlərin edilməsi üçün tədbirlər görmək, bu düzəlişlərin ilkin uçot sənədlərində əks etdirilməsi üçün hüquqi şəxslərə (onların nümayəndəlik və filiallarına) və fiziki şəxslərə tapşırıqlar vermək, bu məsələ ilə bağlı onlardan zəruri məlumatlar və arayışlar tələb etmək;
5. rayonun (şəhərin) sosial-iqtisadi vəziyyətinə dair yekun məlumatların aşkarlığını təmin etmək, öz fəaliyyətini ərazidə baş verən sosial-iqtisadi proseslərin obyektiv və hərtərəfli öyrənilməsi prinsipləri əsasında həyata keçirmək;
6. statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə statistik vahidlər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən idarəyə həvalə olunmuş digər hüquqları həyata keçirmək.