İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
21.12.2010 00:00
2010-cu ilin yanvar-noyabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 6285,1 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 14,4 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,0 faizi hüquqi şəxslər, 82,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 1129,8 milyon manatlığını hüquqi şəxslərdən, 5155,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 14,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 14,5 faiz artmışdır.
Əhaliyə satılmış malların 3931,7 milyon manatını ərzaq, 2353,4 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 62,6 və 37,4 faiz təşkil etmişdir.
2010-cu ilin yanvar-noyabr aylarında əhaliyə 2500,7 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 11,0 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 57,3 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1432,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 2,6 faiz çox xidmətlər göstərilmişdir.
Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 24,8 faiz artaraq 1068,2 milyon manata çatmışdır.