Tikintinin əsas göstəriciləri
24.12.2015 00:00
2015-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel”, “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Sabunçu Məhkəmə Kompleksinin yeni binası, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol istifadəyə verilmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12287,2 milyon manat vəsait yönəldilmiş, onun 70,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 4,9 faiz artmışdır. Ümumi sərmayənin 36,7 faizi dövlət, 63,3 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 49,7 faiz və ya 6106,2 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 50,3 faiz və ya 6181,0 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işlərinə sərf edilmişdir.