İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
23.02.2011 00:00
2011-ci ilin yanvar ayında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 608,2 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 9,3 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 16,6 faizi hüquqi şəxslər, 83,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 101,1 milyon manatlığını hüquqi şəxslərdən, 507,1 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 15,1 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 8,2 faiz artmışdır.
Əhaliyə satılmış malların 328,4 milyon manatını ərzaq, 279,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 54,0 və 46,0 faiz təşkil etmişdir.
2011-cu ilin yanvar ayında əhaliyə 228,2 milyon manatlıq və ya 2010-cu ilin müvafiq dövrünün səviyyəsindən 11,1 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 53,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 121,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 1,9 faiz çox xidmətlər göstərilmişdir.
Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 23,7 faiz artaraq 107,2 milyon manata çatmışdır.