Tikintinin əsas göstəriciləri
10.08.2016 00:00
2016-cı ilin yanvar-iyun aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə verilmişdir.
2016-cı ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6293,9 milyon manat məbləğində vəsait, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 24,3 faizi dövlət, 75,7 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 33,5 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 4187,7 milyon manat vəsait yönəldilmişdir.
2016-cı ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 5,1 faizini əsaslı təmir, 1,7 faizini cari təmir, 17,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.