Tikintinin əsas göstəriciləri
29.08.2016 00:00
2016-cı ilin yanvar-iyul aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə verilmişdir.
2016-cı ilin yanvar-iyul aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7320,2 milyon manat məbləğində vəsait, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 27,1 faizi dövlət, 72,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 33,4 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 4876,6 milyon manat vəsait yönəldilmişdir.
2016-cı ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 74,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 4,5 faizini əsaslı təmir, 2,8 faizini cari təmir, 18,0 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.