Məhsul bazarı haqqında
03.10.2016 00:00
2016-cı ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 1,9 faiz artaraq 9961,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 4279,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,1 faiz artaraq 5681,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 15,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 60,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin yanvar-avqust aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 14,1 faiz artaraq 7,1 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 89,5 faizi hüquqi şəxslərdən, 10,5 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.