Məhsul bazarı haqqında
26.12.2017 00:00
2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16601,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 7539,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 9061,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 19,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin yanvar-noyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,0 faizi hüquqi şəxslərdən, 2,0 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.