Sənayenin inkişafı haqqında
07.05.2018 00:00
2018-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 9,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 84,3 faizi mədənçıxarma, 13,3 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,0 faiz, xidmətlərin göstərilməsi isə 12,0 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2018-ci il vəziyyətinə 274,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 25,4 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.