Məhsul bazarı haqqında
30.05.2018 00:00
2018-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artaraq 6055,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2656,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz artaraq 3398,5 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 21,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 13,8 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,3 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.