Sənayenin inkişafı haqqında
31.10.2018 00:00
2018-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 31,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2018-ci il vəziyyətinə 277,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.