Sənayenin inkişafı haqqında
05.08.2020 00:00
2020-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 14,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 74,8 faizi mədənçıxarma, 22,3 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,9 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2020-ci il vəziyyətinə 282,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.