Sənayenin inkişafı haqqında
30.09.2022 00:00
2022-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 68,1 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 89,6 faizi mədənçıxarma, 9,0 faizi emal, 1,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 93,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2022-ci il vəziyyətinə 403,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.